Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub




Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada aprelin 14-15-də Şəkiyə səfəri çərçivəsində bu qədim diyarın tarixi məkanları ilə tanış olub, təhsil müəssisələrinə baş çəkib, şəhərin görməli yerlərini gəzib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaponiyalı diplomat əvvəlcə şəhər rəhbərliyi ilə görüşüb. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Səfirə Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində rayonda reallaşdırılan layihələr barədə də məlumat verilib.
Səfir Cuniçi Vada qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfərinin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Şəkiyə səfəri çərçivəsində səfir Cuniçi Vada aprelin 14-də Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəki şəhərində inşa edilmiş 23 nömrəli uşaq bağçası ilə tanış olub, Kimya-biologiya təmayüllü Respublika liseyinə baş çəkib.
Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanışlıq zamanı səfirə məlumat verilib ki, eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş məbədi bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir.
Aprelin 15-də səfir Cuniçi Vada əvvəlcə “Azəripək” MMC-də istehsal prosesi ilə tanış olub.
Şəhərin qədim tarixi hissəsi - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq zamanı isə səfirə məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq Yaponiya səfirində böyük maraq doğurub.
Səfir bu ərazidə yerləşən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə də baş çəkib.
Yaponiyalı diplomat daha sonra Şəki Destinasiya Menecmenti Təşkilatının ofisində Şəki Regional Mədəniyyət, Gənclər və İdman idarələrinin, Destinasiya Menecmenti Təşkilatının və “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərləri ilə görüşüb.
Şəkiyə səfəri çərçivəsində Yaponiya səfiri inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub.
AZƏRTAC

Bizi sosial mediada izləyin

Copyright © 2021 "Azəripək"

Saytın hazırlanması: Brandsky