“Hazırda dünya bazarında Azərbaycan ipəyinə ehtiyac var”.
Bu barədə “Azəripək” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) bildirilib. Qeyd olunub ki, hazırda Azərbaycanda istehsal olunan xam ipəyin maya dəyəri dünya bazarındakı qiymətə uyğundur. Lakin 2020-2021-ci illərdə dünya bazarında xam ipəyin alışında azalma olub, eyni zamanda, alıcı sayı da azalıb.
“Azəripək”in ötən il ən çox istehsal etdiyi məhsul xam ipək olub. Keçən il müəssisə 1 748 540 manat dəyərində 24.8 ton xam ipək istehsal edib: “Xam ipəyin istehsalının artırılması üçün müəssisədə baramadan xam ipək açan istehsal avadanlıqları quraşdırılmalıdır. Hazırda istehsal olunan malların tam hazır məhsula qədər işlənməsi üçün yeni avadanlıqların alınaraq quraşdırılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur”,- deyə qurumdan bildirilib.
Məlumata görə, bu il ilin yanvar-mart ayları ərzində “Azəripək” dəyəri 493 211 manat olan 7.3 ton xam ipək istehsal edib. Bu il eyni zamanda dəyəri 208 293 manat olan 4.4 ton vata, dəyəri 15 480 manat olan 701 ədəd güllü kələğayı, dəyəri 8 341 manat olan 582 ədəd güllü çitmə istehsal edilib. Bununla yanaşı, dəyəri 8 948 manat olan 566 ədəd güllü şərf, dəyəri 1 493 manat olan 0.72 kvadratmetr xalça, dəyəri 37 654 manat olan 612 kq əriş sapı, dəyəri 9 119 manat olan 114 kq utok istehsal olunub.
“Azəripək”dən o da bildirilib ki, son aylarda ölkələr arasında müşahidə edilən logistik problemlər qurumun ixrac və istehsal prosesinə hər hansı təsir göstərməyib.
Mənbə: https://banker.az/
Bizi sosial mediada izləyin